Этибар Мурадханлы

Страна: Азербайджан

Биография Этибар Мурадханлы родился 1 декабря 1968 года в селе Калахан Лерикского района Азербайджанской Республики. В 1995 году окончил филологический факультет Бакинского Государственного Университета. До 2002 года работал в различных СМИ. Его романы, рассказы и повести публиковались в журналах «Улдуз», «Азербайджан», «Юрд» и др. С 2000 года член Союза писателей Азербайджана. Президентский стипендиат. Автор книг «Вы в осаде, лейтенант», «Студенческий отряд», «282-й человек», «Пленник пленника».

Country: Azerbaijan

Biography Etibar Muradkhanli was born on December 1, in 1968 in Kelekhan village of Lerik District of the Republic of Azerbaijan. In 1995 he graduated from philology faculty of Baku State University. Up 2002 he worked in different mass media organs. His novel, stories and narratives have been published in the magazines as ‘Ulduz’ , ‘Azerbaycan’, ‘ Yurd’ and other magazines. He is a member of Union of Azerbaijani Writers since 2000. He is the author of the books titled as ‘You are under siege, lieutenant’, ‘ Students’ squad’, ‘ 282nd – person , ‘ The captive’s captive’.

Отрывок из  повести  “Окна бабушки Фариды  

“Hər şeydən xəbərim var, anacan, hər şeydən. Bakının küçələrindəki qırğından, Qarabağda günahsız azərbaycanlıların ermənilər tərəfindən öldürlüməsindən, əhalinin öz yurd-yuvasından didərgin salınmasından, ermənilərin mənim də xidmət etdiyim rus ordusunun köməyi ilə vətənimə soxulmasından, vətəndə baş verən bütün hadisələrdən…”

-Bilirsən, oğlum, bilirsən. Amma, nədənsə gümanı təkcə sənə gələn bədbəxt ananın yol çəkməkdən saralmış gözlərini hələ də yollardan yığa bilmirsən. Ananın hələ də ürəyi səksəkədə, gözü yolda, qulağı səsdədi. Hər qapı döyüləndə, hər ayaq səsləri eşidiləndə, bəlkə bu gələn sənsən deyə könlü intizardadı!, — hönkürdü. – Buna görəmi oxutdu səni, Nazim?!, — hıçqırıqlarını boğmağa çalışdı. –Buna görəmi əsgər olmaq istəyirdin, oğlum?!, – titrək barmaqlarıyla ağzını qapadı. — Dilin lal olsun, ay qız, dilin lal olsun! – Sanki kimdənsə utanırmış kimi məktubla sifətini örtdü, kimlərinsə onu gözüyaşlı görməsini istəmirmiş kimi gözlərini oğlundan aldığı kağızın arxasında gizlətdi:

  • -Mənim əsgər balam, dərdimi çəkər balam!.. – Hıçqırıqları kəsildi. Amma məktubu sifətindən ayırmadı. 

“Mən yazı çox sevirəm, amma yaydan da xoşum gəlir. Payız da pis deyil, amma payızı sevmirəm, çünki payızdan sonra qış gəlir. Qışı isə heç sevmirəm, çünki qışda əsgərlərimizin əlləri donur. Üşüdükləri üçün vətəni yaxşı qoruya bilmirlər.” — Bu inşanı Nazim dördüncü sinifdə oxuyanda “Ən çox sevdiyim fəsil” mövzusunda yazmış, amma bu fikirlərinə görə inşadan üç almış, sonra da ağlaya-ağlaya evə gəlib, anasına şikayət eləmişdi. Anası etirazını bildirəndə müəlliməsi Nazimi mövzudan kənara çıxmaqda, bütün inşalarda mövzunu əsgərlə bağlamaqda qınamışdı…

 “Buna görə də mən də, digər azərbaycanlı zabitlər də rus ordusunda xidmətdən imtina etmişik, anacan. Bizim Azərbaycana dönməyimizə mane olurlar, amma heç nəyə baxmayaraq dönəcəyik, anacan, mütləq dönəcəyik! Tezliklə hamımız dönəcəyik. Vətəni düşməndən xilas edəcək, torpaqlarımızı azad edəcəyik!”

 Göz yaşı axdıqca dərdi azalır, ağladqıca yüngülləşir, rahatlanırdı. Sevinir, fərəh hissi keçirirdi. Oğlunun onu duymasından, dərdini bilməsindən, yanına gəlmək, onu görmək, yarasına məlhəm qoymaq arzusuyla yaşamasından qürurlanırdı. Fəxr edirdi ki, Nazim kimi oğul böyüdüb. Fəxr edirdi ki, oğlu onu darda qoymayacaq.

 “Salamat qal, yeganə arzum gəlib səni sağ-salamat, gümrah görməkdir, anacan! Özünü qoru! İnşallah, tezliklə görüşəcəyik. Oğlun Nazim.”

 Xəfif, yüngül külək  hiss etdi, ardınca qapı çırpıldı və yalnız indi yadına düşdü ki, poçtalyondan məktubu alandan sonra qapını örtməyi unudub. Qapını bağlamaq üçün ayağa qalxanda, qəfil səbr gətirdi. 

-Sağlam ol — deyə yenidən kresloya çökdü. 

-Sağ ol — ikincini gətirmək məqsədiylə düyünləmiş ovcunu sinəsinə döyməyə başladı. Gətirə bilməyincə, arxalıgının cibindən dəsmalını çıxarıb, üz-gözünü sildi, qalxıb qapını kilidlədi.

     Otağa kecəndə hamam otağından su şırıltısı eşitdi. Nazimin uşaqlıq və gənclik illərinin böyüdülmüş şəkillərinin arasında, evin yuxarı başından asılmış divar saatına baxdı. Altı tamamıydı. Fəridə nənə evdə olanda kranı həmişə açıq qoyardı ki, su gələn kimi şırıltısını eşitsin. Qalxıb əvvəlcə qab-qaşığı, paltarları yuyar, sonra özü də yuyunardı. Hamam otağına keçdi. Çox üşüyən olmasına və adətən qaynar suyla yuyunmasına baxmayaraq, soyuq suyu açdı. Tələsmədən soyuq suyun altında yuyunub qüsul verdi. Hamamdan çıxan kimi saçlarını həmişə fenlə qurulayar, sonra qaynar çay içərdi. Bu dəfə saçlarını dəsmalla yüngülcə qurulamaqla kifayətləndi. Çay içmək isə yadına da düşmədi. Qayçını götürüb, ayaq və əl dırnaqlarını tutdu. Yataq otağına keçib, yatağını açdı, ağları dəyişdirdi. Sonra qonaq otağına qayıdıb, ailə albomunu gətirdi və jurnal masasının üstünə qoydu. 

 — Bu, rəhmətlik atamdır! — kimisə ailə üzvləriylə tanış edirmiş kimi bir-bir  bütün yaxınlarını təqdim etməyə başladı: — Bu isə rəhmətlik anam! – Salavat çevirib,  pıçıltıyla dua oxudu: — Allah ruhlarını şad eləsin. — Allah kəlamını bitirən kimi ucadan səsləndi: — Bu da bədbəxt qardaşım! – Doluxsundu. Böyük qardaşı hələ yeniyetmə ikən dünyasını dəyişmişdi. Sonra isə Gəncədə yaşayan qardaşını və onun ailə üzvlərini təqdim etdi. Növbə qaraşın, nazik bığlı və gülərüz, ortayaşlı bir kişiyə çatanda xəfifcə gülümsəyib,  başını silkələdi. Nazimin şəkilləriylə bərabər divardan asılmış həyat yoldaşının portretinə baxdı. Həmin portret indi əlində tutduğu şəkildən köçürülmüşdü. Nazim hələ tələbə olanda atası dünyasını dəyişmişdi. İldönümünə qədər Nazim onun portretini çəkdirib, divardan asmışdı. Albomu varaq-varaq çevirib, bütün yaxınlarını bir-bir tanıtdı. Vidalaşırmış kimi onlarla bircə-bircə söhbət elədi. Sonra yenə Nazimin məktublarını götürüb, hər birini bir neçə dəfə oxudu. Şəkilləri səliqəylə albomun içinə yığıb, servantın siyirməsinə, məktubları da albomun üstünə qoydu…

Saat artıq on ikini keçmiş, ömrünün bir günü də dünəndə qalmışdı. Nə edəcəyini bilmirmiş kimi otaqda, mətbəxdə bir xeyli dolaşıb, sonra yataq otağına keçdi, çarpayının başında durub, ani olaraq xəyala daldı.

— Gəl, gəl, qız, gəl — deyə giriş qapısına tərəf qayıtdı, — qapını açıq qoysaq, yaxşıdır – kimisə gözləyirmiş kimi qıfılı açdı. Amma qapını açmayıb, eləcə örtülü saxladı, qayıdıb mətbəxə keçdi. Pəncərənin qabağında durub, qaranlıq həyətə baxmağa başladı. Bu xeyli çəkdi… 

 — Gəlirəm, gəlirəm! – deyə kimsə onu səsləyirmiş kimi qəfil fikirdən ayıldı, alnını soyuq şüşədən aralayıb arxaya çevrildi.

 — Gəlirəm, gəlirəm indi! — dönüb bir daha həyətə baxdı. Pərdələri daha geniş aralayıb, eləcə də saxladı.

 — Gəlirəm… gəlirəm!.. — gözlərini pəncərədən ayırmadan arxaya bir addım atdı. Pəncərədən sifəti sapsarı saralmış, sanki dərin bir quyudan baxan, əzab və rahatlıq, qorxu və arxayınlıq, həsrət və məhəbbət ifadə edən gözləri düz gözlərinin içinə zillənmiş bir qadın boylanırdı. Ağappaq gecə köynəyi ilə seyrəlmiş dümağ saçları bərq vuran bu qadın onun pəncərədəki əksi idi…

 Otağa keçdi. Nə etmək lazım olduğunu yadına salırmış kimi bir xeyli ortalıqdaca vurnuxdu. Servantın gözünü açıb, kiçik aptek qutusunu götürdü və yataq otağına qayıtdı. 

 “…Bircə arzum gəlib səni sağ-salamat, gümrah görməkdir, anacan”. — Oğlunun yazdığı son sətirləri dodaqaltı pıçıldadı. Əllərini Allahın dərgahına qaldırib: — Mərhəmətini oğlumdan əsirgəmə, ya Rəbbim! Günahlarından keç! Ona oğul kimi özünü göstərməyə rüsxət ver!!!  – deyə yalvardı. Nazimi qarşısında görürmüş kimi irəli bir addım atıb dayandı. Güclə eşidiləcək səslə: — Məni bağışla, oğlum! – pıçıldadı: — Bağışla ki, arzunu yerinə yetirə bilməyəcəyəm. — Gözlərini yumub, əllərini sinəsinə sıxdı: — Bağışla ki, qıvrım, şəvə kimi qapqara saçlarını bir daha tumarlaya, məsum gözlərini bir daha öpə bilməyəcəm, mənim körpə əsgərim!..

  Ustufca qalxıb, qibləyə tərəf qoyulmuş yatağının içində oturdu:

— Rəhmət qapısını üzümə aç, Ya Rəbbim! – əllərini qaldırıb, yenidən dua etdi. Axtarıb dolabın üstünə qoyduğu aptek qutusunun içindən tənzif bükməsini tapdı, ayaqlarını yaxınlaşdırıb, baş barmaqlarını möhkəm-möhkəm bir-birinə bağladı. Kürəklərini üzünü indicə dəyişdirdiyi yupyumşaq döşəyə qoydu. Gözlərini qapayan kimi kiprikləri arasından bir damla yaş süzülüb, gicgahlarından üzü aşağı diyirləndi, ağappaq balınca düşüb getdikcə böyüdü… — “Biz rus ordusunda xidmətdən imtina etmişik, anacan. Amma bizim Azərbaycana dönməyimizə mane olurlar. Heç nəyə baxmayaraq dönəcəyik, anacan, mütləq dönəcəyik. Tezliklə hamımız dönəcəyik. Vətəni düşməndən xilas edəcək, torpaqlarımızı azad edəcəyik…” — güclə eşidilə biləcək səslə pıçıldadı. Dərindən köks ötürdü. Oğlunun sözlərinə cavab verirmiş kimi: — Üstümü ört, oğlum! – deyə xırıldayıb, yorğanı başına çəkdi. Yorğan üstündən sürüşməsin deyə əllərini örtüyün altında ehmalca aşağı sürüşdürdü. Titrək bir səs otaqda xəfif bir musiqi kimi əks-səda verdi:

— Əşhədü ənla ilahə illəllah! Əşhədü ənnə Mühəmmədən Rəsulullah! Əşhədü ənnə Əmir əl mümininə Əliyyən vəliyyullah!..

 

***

 

 

     Bakıya az-az təsadüf olunan quşbaşı qar yağır, amma yerə düşən kimi də əriyirdi. Təkcə səkilərdə adda-budda qar görünürdü. Tahirə ağır çantalarını qoya-götürə, sürüşməmək üçün ehtiyatla Fəridə nənəgilin həyətinə tələsirdi… 

   …Nəfəsini dərmədən bankaları çıxarıb, bir-bir səkinin qırağına düzdü. Əlini alnına qoyub, üzü yuxarı, beşmərtəbəli binanın balkonlarına boylandı. Heç kəs gözə dəymirdi. Deyəsən, bugünkü qar məhəllə sakinlərinin yuxusuna da yağmışdı. Gözləməyi qərara aldı. Onsuz da hamı artıq onun gəldiyini bilirdi. İndicə bir-bir düşüb, dünən götürdükləri bankaları qaytaracaq, yenisini götürüb,  mənzillərinə tələsəcəkdilər. Amma Tahirə pəncərədə hamıdan çox Fəridə nənənin görünməsini gözləyirdi. O bu gün heç nə almayacaqdı. Amma pəncərədə mütləq görünməliydi. Sonuncu müştərini yola salandan sonra — “yəqin evdə yoxdur” — deyə ürəyindən keçirdi. Boş bankaları çantasına yığıb, artıq xeyli yüngülləşmiş yükünü götürdü, avtobus dayanacağına tərəf yeridi. Amma bir neçə addım atıb dayandı. Yoxluğuna əmin olmaq məqsədiylə qanrılıb, Fəridə nənəgilin pəncərələrinə bir də boylandı. Arvad ordaydı, ağ gecə köynəyində, başıaçıq pəncərədə dayanıb, Tahirəyə baxırdı. Çantaları yerə qoyub, Fəridə nənəyə sarı çevrildi. O, boynu azca bükük, qolları qoynunda eləcə durmuşdu. Tahirə təəccüb etdi. Onun dinib-danışmadığına, pəncərəni açıb, kimisə acılamadığına inana bilmədi. Sanki bunu Fəridə nənə də hiss etdi. Sağ əlini ehmalca yuxarı qaldırdı, köynəyinin qolu sürüşüb dirsəyinə düşdü. Əlini xəfifcə havada yellədi. Tahirəyə elə gəldi ki,  Fəridə nənə onu yuxarı çağırır. Çantalarını həyətdəcə qoyub, rəfiqəsinin mənzilinə tələsdi…

                                                            

 

***

 

     Hava təzəcə işıqlaşırdı. Hərbi səhra formasında olan bir əsgər pillələri iki-bir, üç-bir qalxıb, Fəridə nənəgilin qapısında dayandı. Gözləri sevincdən yaşarmış əsgər əlini tələsik zəngin düyməsinə basdı, amma qapını açan olmadı. Əsgər Fəridə nənənin hələ yataqda olduğunu zənn edib, qonşuları narahat edəcəyini belə düşünmədən qapını döyməyə başladı. İçəridən nə bir səs, nə də soraq gəlirdi. Çiynində çanta peşman-peşman həyətə düşdü. Səkinin qırağında durub, dördüncü mərtəbədəki pəncərəyə boylandı. Pəncərənin şüşələri qapqaraydı, elə bil arxa tərəfdən qara pərdə asmışdılar. Günəş çıxan kimi adətən ən əvvəl həmin pəncərədə əks olunardı. Günəşin çıxmasına isə hələ vardı… 

 … — Nə şəkli çəkirsən, Annam?

 — Bu şəklin adını “Fəridə nənəgilin pəncərələri” qoymuşam. — Qızcığaz cəkdiyi ev şəklini atasına uzatdı. 

 — Axı, sən heç Fəridə nənənin evini görməmisən, qızım! – deyə təəccüblə uşağın cəkdiyi şəklə baxdı. 

 — Görmüşəm, ata – qız başını yırğalayaraq sifətinə dağılmış saçlarını kənar elədi. Gördüklərini bir daha xatırlayırmış kimi gözlərini qıyıb, nəzərlərini məchul nöqtədə cəmlədi: — Mən onu yatanda görmüşəm.  –“ Görmüşəm” sözünü uzadaraq elə dedi ki, sanki o pəncərələr indi də gözlərinin qabağındaydı. 

 Ata susdu. Kişi gah heyrətlə gah qızının hərəkətlərini izləyir, gah da onun çəkdiyi şəklə baxırdı. Uşağın çəkdiyi şəkil eynən onların Bakıdakı evlərinin əksiydi. Qız yol çəkən nəzərlərini yığışdırıb, məsum baxışlarını atasının gözlərində cəmlədi:

  • Sən mənə demədin, axı, atacan! — atasının dizlərinin üstünə cıxıb, çəkdiyi şəklə boylandı  — oxşayır? 

  • Oxşayır, qızım, çox oxşayır! — uşağı ehmalca dizlərinin üstündən endirdi. – Amma bu dəmir бarmaqlıqlar artıqdır. – Barmağını ev şəklinin fonunda geniş planda verilmiş pəncərələrin üstündə gəzdirdi. Sanki öz doğma evini görürmüş kimi xəyala daldı. 

 — Bəs, bu kimdir, qızım? — əli qoynunda, pəncərədən ona incikcəsinə boylanan ağ paltarlı qadını göstərdi.

-Kim, ata, burada hec kim yoxdur  — uşaq təəccüb etdi. O şəkildə ev və pəncərədən başqa heç nəyi təsvir etməmişdi. 

Nəzərlərini şəkildən ayırıb, heyrətlə qızının üzünə baxdı… İndi həyətdə durub, dördüncü mərtəbədəki mənzillərinin pəncərələrinə baxdığı kimi… Dümağ gecə paltarında olan anası pəncərənin arxasında dayanıb, yol cəkən, incik gözlərini ona dikmişdi… Bu, həmin qadınıydı. Qızının “Fəridə nənəgilin pəncərələri” adlandırdığı şəkildən boylanan qadın…

  

1 Звезда2 Звезды3 Звезды4 Звезды5 Звезд (10 оценок, среднее: 4,70 из 5)

Загрузка…